İnsan resurslarının inkişafı, komanda işi və kouçinq üzrə beynəlxalq səviyyəli mütəxəssislər Janin Voldman və Pol Z. Ceksonun “Psixoloji dözümlülük” kitabı oxucuların ixtiyarına verildi.
Kitab müasir dövrdə artan stres, qeyri-müəyyənlik və dəyişikliklər fonunda insanların və müəssisələrin psixoloji dözümlülük qabiliyyətini gücləndirməyi hədəfləyən hərtərəfli praktik vəsaitdir. Müəlliflər psixoloji dözümlülüyün fitri xüsusiyyət deyil, inkişaf etdirilə bilən bacarıq olduğunu vurğulayaraq bu bacarığın formalaşması üçün konkret modellər, alətlər və real situasiya nümunələri təqdim edirlər.
Kitabda emosional zəka, özünüidarəetmə, streslə mübarizə, mənalı məqsədlərin müəyyən edilməsi və dəstəkləyici münasibətlərin qurulması kimi mövzular ətraflı şəkildə izah olunur. Oxucu həm şəxsi həyatında, həm də iş mühitində çətin vəziyyətlərə daha çevik reaksiya verməyi, uğursuzluqlardan öyrənməyi və dəyişən şəraitə uyğunlaşmağı öyrənir. “Psixoloji dözümlülük” kitabı liderlər, İR mütəxəssisləri, kouçlar və şəxsi inkişafla maraqlanan hər kəs üçün dəyərli bir bələdçidir.